BAKI, 11 oktyabr — Sputnik. ABŞ ilə Türkiyə arasında baş verən viza böhranından sonra, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) də açıqlama gəlib. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Pentaqon sözçüsü polkovnik Rob Manninq, bundan sonrakı münasibətlərin taleyinə aydınlıq gətirib.
"Türkiyə güclü bir müttəfiqimiz və NATO üzrə tərəfdaşımızdır. Baş verən viza gərginliyi, Türkiyə ilə hərbi sahədə əməkdaşlığımıza təsir etməyəcək" — Manninq bildirib.
Onun sözlərinə görə, İncirlikdə yerləşən NATO hərbi bazası, həm ikitərəfli əlaqələr, həm də koalisiya çərçivəsindəki fəaliyyət baxımından mühüm rol oynayır: "İncirlik və Türkiyənin digər hərbi bazalarından, İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda istifadə olunur".
Xatırladaq ki, ABŞ Türkiyə vətəndaşlarına qarşı viza qadağası tətbiq edib. Buna adekvat olaraq Ankara da eyni qərarı qəbul edib.