BAKI, 11 oktyabr — Sputnik. Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər. Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başladı.
İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirdi ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya Prezidenti vurğuladı ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində, həmçinin humanitar sahədə əlaqələrin inkişafına yönələcək.
Prezident Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğuladı, görüşün mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.
Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd etdi ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunub.