İlham Əliyev: “Sahibkarlar idxaldan asılı olduğumuz sahələrdə fəaliyyətə üstünlük verməlidirlər”
"Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
“İqtisadiyyat Nazirliyinə göstəriş verilib ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər — anbarların, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Hesab edirəm ki, əksər rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək” — deyə o bildirib.