BAKI, 10 oktyabr — Sputnik. Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində 7 faiz artım qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Fonda daxilolmalarda qeyri-büdcə sektoru üzrə proqnoz 105,24 faiz icra edilib.
Belə ki, 2017-ci ilin 9 ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 165,49 milyon manat artaraq 2532,59 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,8 faiz artaraq 1501,1 milyon manat təşkil edib. Fonda daxilolmaların 65,13 faizi və ya 977,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz və ya 105,46 milyon manat çox olmaqla, proqnozun 105,24 faiz icra edildiyini göstərir. Ümumi daxilolmaların səviyyəsi cari ildə də Fond tərəfindən əmək pensiyalarının müəyyən olunmuş qrafik üzrə vaxtında maliyyələşdirilməsinə imkan verib.
Ölkədə əmək pensiyaçılarının sayı 01 oktyabr 2017-ci il tarixinə cari ilin əvvəli ilə müqayisədə 14 771 nəfər və ya 1,1 faiz artaraq (o cümlədən yaşa görə 7043 nəfər, ailə başçısını itirməyə görə 1418 nəfər, əlilliyə görə isə 6310 nəfər) 1 milyon 330 min nəfər təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq olunmaqla bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib. Ümumilikdə cari ildə də pensiyalarda artım dinamikası davam edib və əmək pensiyalarının orta aylıq məbləği 2017-ci il 01 oktyabr tarixinə 204 manata çatıb. O cümlədən ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6 faiz olub ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.
Fərdi uçot sistemi ilə əhatə olunanların sayında da növbəti artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında bu sistemdə əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (136 524 nəfər) ilə müqayisədə 18 389 nəfər və ya 13,47 faiz çoxdur. Beləliklə, 01 oktyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 316 678 nəfər) ilə müqayisədə 211 792 nəfər və ya 6,39 faiz artaraq 3 milyon 528 min 470 nəfərə çatıb.
Sosial sığorta sahəsində iş mexanizmlərinin daha da təkmilləşdilməsi istqiamətində tədbirlərin davamı olaraq, cari ilin 01 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb. Bu tədbir sığortaedənlər tərəfindən hesabatların sayının azaldılmasına və onların təqdim edilməsi prosesinin sadələşdirilməsinə şərait yaradıb.