İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. O, dünyanın 60-dan çox ölkəsinin müxtəlif tarixi dövrlərinə, siyasi quruluşlarına aid əsginaslar toplayır, futbol biletləri yığır, oyunlara aid yazılar dərc olunan qəzetləri alaraq saxlayır. Bu, onun uzun illərdir yeganə hobbisidir.
Müsahibim, Goranboyun Xanqərvənd sakini, ixtisasca tarixçi olan Mehdi Səfərovdur. 32 yaşlı Mehdi, 10 ildən artıqdır ki, kolleksiya toplayır. Kolleksiyasında XIII-XV əsrə aid mis və gümüş sikkələrdən tutmuş, ən az tirajla buraxılmış, qısa müddət ərzində mövcud olmuş siyasi quruluşların çap etdirdiyi pullar var. Kağız pulları xüsusi albomlara yerləşdirib.
Mehdinin kolleksiyasında ən dəyərli eksponatlardan biri də, 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslardır. Bundan başqa, o, sovet hakimiyyətinin ilk dövrlərində buraxılan və üzərində Nizami Gəncəvinin şəkilləri həkk edilmiş qiymətli nümunələr də əldə edə bilib. Onun kolleksiyasını, Azərbaycanda 1992-ci ildən başlayaraq çap olunan kağız pulların hər nominalına aid əsginaslar da bəzəyir.
Müxtəlif ölkə, dövr, görünüş və ölçülərə aid pullar toplayan kolleksiyaçı, həmin pulun buraxıldığı ölkəyə, dövrə aid məlumatlar da əldə edərək qeydlər aparır. Hobbisinin sirləri haqda Sputnik Azərbaycan-a danışan Mehdi Səfərov, topladığı pulların dəyərinin onun nominalından, yaxud istifadə olunan materialdan asılı olmadığını deyir.
"Əslində, kolleksiyaçılar pul toplayarkən, pulun dəyərini 10-a yaxın meyar əsasında qiymətləndirirlər. Əsginaslar dəyərləndirilərkən, onun seriyasının hansı hərflə başlamasından, rəqəmlərinin hansı qaydada yazılmasından tutmuş, əl dəyməmiş, qatlanmamış olmasına qədər nəzərə alınır. Ən qiymətli pullar isə, ən az tirajla çap edilmiş əsginaslar hesab edilir. Belə pulları əldə eləmək üçün isə heç də az vəsait tələb olunmur" — həmsöhbətimiz bildirir.
Mehdi pullarının sayını artırmaq üçün sosial şəbəkələr vasitəsilə dünyanın bir neçə ölkəsindən olan kolleksiyaçılarla əlaqə qurub. Onların arasında Rusiya və Türkiyədən olan kolleksiyaçılar çoxluq təşkil edir. Xaricdə pul tapmağın daha asan olduğunu deyən gənc, özündə bir neçə nüsxə olan pullardan xaricdə yaşayan kolleksiyaçılara göndərir və əvəzində onda olmayan əsginaslar əldə edir.
Səfərovun hobbisi bununla da bitmir. O, həmçinin, Azərbaycan futbol millisinin, eni zamanda avrokuboklarda çıxış edən klublarımızın oyunlarının biletlərini toplayır. Hazırda onun kolleksiyasında ən çox "Qarabağ" və "Qəbələ" futbol klublarına aid biletlər yer alır. Həmin komandaların, xüsusilə "Qarabağ"ın Çempionlar Liqasında uğurlu çıxışı onun kolleksiyasına da yeni biletlər qazandırıb.
Mehdi, eyni zamanda, keçirilən oyunlar haqda məqalələr, şərhlər dərc edilən qəzetləri də toplayır. Gələcəkdə isə bu kolleksiyasını sözügedən klubların muzeylərinə hədiyyə etmək fikrindədir.