BAKI, 9 oktyabr — Sputnik. Türkiyənin sərhəd təhlükəsizliyi üçün Suriyanın İdlib şəhərinə Rusiya ilə ortaq şəkildə aparılan əməliyyat davam edir.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Rusiya təyyarələri havadan, Türkiyənin Silahlı Qüvvələri (TSK) də qurudan İdlib əməliyyatına dəstək verir. Ərazidə isə Azad Suriya Ordusunun qüvvələrindən istifadə edilir.
İndiyədək Türkiyə hərbçilərinin sərhədi keçib-keçmədiyi bilinmirdi. Ancaq TSK-dan verilən açıqlamada dünəndən bəri Türkiyə əsgərlərinin Suriya sərhədini kəşfiyyat məqsədi ilə keçdiyi ortaya çıxıb.
TSK tərəfindən verilən açıqlamada deyilir ki, 30 dekabr 2016-cı il tarixində Suriyada elan edilən atəşkəs rejiminin davam etdirilməsi məqsədilə Türkiyə, Rusiya və İran qarantiyası ilə Astana prosesi başladılıb. Proses daxilində atəşkəs rejiminin fəaliyyətinin artırılması, qarşıdurmaların sona çatdırılması, humanitar yardımların ehtiyac sahiblərinə çatdırılması və s. təmin etmək məqsədiylə Suriyada "Gərginliyin azaldılması zonaları" müəyyən edilib.
Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri İdlib bölgəsində aparacağı əməliyyat çərçivəsində müşahidə nöqtələri təsis etmək üçün 08 oktyabr 2017-ci il tarixindən etibarən kəşfiyyat fəaliyyətlərinə başlayıb.