Leyla Abdullayeva – Sputnik Azərbaycan
BAKI, 9 oktyabr — Sputnik. Dünya mədəniyyətləri arasında xüsusi yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Azərbaycan xalçalarının YUNESKO-nun şah əsərləri sırasına daxil edilməsi bir daha respublikamızda xalçaçılıq sənətinin qədim tarixi ənənələrinin olmasından xəbər verir.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə, şərti olaraq Quba, Bakı (yaxud Abşeron), Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəblərinə bölünürlər. Hazırda Azərbaycanda mövcud olan 148 xalça kompozisiyasının 35-i Quba xalçaçılıq məktəbinə məxsusdur.
Quba xalçaları nəinki Azərbaycanda, hətta dünya ölkələrində də şöhrət qazanıb. Belə ki, bu regionun XVIII-XX əsrə aid Çiçi xalçaları Viktoriya və Albert (London), eləcə də Metropoliten (Nyu-York) muzeylərində nümayiş olunur.
Quba rayonunda keçirilmiş "I Xalça festivalı" da məhz Azərbaycan xalçasının dəyərinin dünya xalqlarına çatdırılması, eyni zamanda ölkəmizdə mövcud olan böyük xalçaçılıq məktəbinin daha da inkişaf etdirilməsi həmçinin ölkə daxilində və xaricində yeni əlaqələrin qurulması və bu qiymətli sənət növünün uzun illər bundan sonra yaşadılmasına dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə baş nazirin müavini Abid Şərifov, millət vəkilləri Aydın Mirzəzadə, Vahid Əhmədov, Yevda Abramova, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, idarə rəhbərləri və qonaqlar iştirak ediblər. Tədbirə 200 yaxın xarici ölkə vətəndaşı qatılıb. Xarici ölkə vətəndaşları arasında daha çox İsrail, Rusiya, Ukrayna vətəndaşları üstünlük təşkil edib.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonun müxtəlif kəndlərində toxunan xalçalar nümayiş etdirilib. Xalçalarda Şimal regionunda yaşayan azsaylı xalqların adət-ənənələri əks olunub.
Festivalda iştirak edən İsrail vətəndaşı tədbirlə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: "Mən Azərbaycana səyahətə gəlmişəm və eşitdim ki, burada belə bir tədbir keçirilir. Biz 34 nəfərdən ibarət heyətlə gəlmişik və hamımız böyük məmnuniyyətlə bu tədbirə qatılmışıq. Nə yaxşı ki, bizə bu bayramı görmək nəsib oldu. Tədbir çox xoşumuza gəlib".
Festivalda əntiq Quba xalçalarının satış sərgisi həyata keçirilib.
Tədbir böyük konsert proqramı ilə başa çatıb.