BAKI, 9 oktyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda "Howo" markalı yük avtomobili aşmış, kuzada olan qum ətrafa dağılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunub. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qum altında insan faktorunun olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparıblar. Əməliyyat başa çatıb.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, sürücünün cəsədi parçalanmış formada müəyyən edilib. Məlum olub ki, ölən sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq, hərəkətdə olan avtomobilini saxlaya bilmədiyini bildirib.
Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. İdarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb.