BAKI, 8 oktyabr — Sputnik. Oktyabrın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə baş tutan səfər çərçivəsində Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələrə baş çəkəcək.
Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.