BAKI, 8 oktyabr — Sputnik. Oktyabrın 6-da Sumqayıt Texnologiyalar Parkı ərazisində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.
Məlumatda qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub. Dərhal həmin əraziyə agentliyin xüsusi mobil çevik əməliyyat qrupu göndərilib.
ANAMA-nın mütəxəssisləri Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ə məxsus olan metal əritmə zavodunun ərazisinə baxış keçirərək, təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-462) aşkar ediblər.
Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat oktyabrın 7-də davam etdirilib, aşkar olunmuş mərminin daşınması mümkün olduğuna görə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş top mərmisinin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və ya qurğu aşkar edilməyib.