BAKI, 6 oktyabr — Sputnik. "Ədəbi dil normaları hansısa bölgənin ləhcəsi əsasında qurulmayıb. Efirdən ləhcə ilə danışmaq olmaz. Təəssüflər olsun ki, bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur".
Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda keçirilən konfransda, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli belə deyib.
"Telekanallar bu məsələyə diqqət etməlidir, nöqsanları aradan qaldırmalıdır" deyən Məhərrəmli bildirib ki, xarici dillərdən Azərbaycan dilinə xeyli sözlər keçib: "Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xarici sözlərdən istifadə edirlər. Bu, düzgün deyil və əks effekt verir".
"Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğunu düzgün işlətməməsi ilə bağlıdır. Belə olan halda izləyici bunu başa düşmür, çünki vurğu yerində deyilməyəndə söz düzgün anlaşılmır. Mətnlərin oxunması ilə bağlı da problemlər mövcuddur. Bəzən mətnlər sürətlə oxunur" — MTRŞ sədri vurğulayıb.