BAKI, 5 oktyabr — Sputnik. Londonda İkinci Dünya Müharibəsindən qalma, 8 min nəfərlik yeraltı sığınacaq təsərrüfata çevrilib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, burada hidroponik (torpaqsız əkinçilik, torpaqdan istifadə etmədən, su içində mineral maddələrdən istifadə edərək bitki yetişdirmə üsulu) üsulla torpaqsız əkinçilik aparılır. Bitkilərin böyüməsi üçün lazım olan işıq təmin edilir.
Sahibkarlar Stiven Dring və Riçard Ballard yer altında brokkoli, pomidor, bibər və ispanaq kimi bir çox tərəvəz məhsulları yetişdirib böyük supermarket şəbəkələrinə satırlar. Stiven Dring deyib ki, normal fermerlərdən fərqli olaraq, bu məhsulların yetişdirilməsini daha çox nəzarət altında saxlaya bilirlər.
"Rütubətə və istiliyə nəzarət edə bilirik. Əslində, yeganə çətinlik Londonda yer altında torpaqsız əkinçilik aparmaq fikri olub. Ondan başqa, böyük bir çətinlik yoxdur" — deyən sahibkar, hazırladıqları bu yeraltı təsərrüfatda işığı da bərpa olunan enerji mənbələrindən əldə etdiklərini söyləyib.