BAKI, 5 oktyabr — Sputnik. İkinci Dünya Müharibəsi zamanı batırılan ilk döyüş gəmisi "Ateniya"nın qalıqları aşkar edilib. Sputnik Azərbaycan "BBC"yə istinadən xəbər verir ki, gəminin qalıqları Atlantik okeanın dibində tapılıb.
Sözügedən gəmi İngiltərənin Almaniyaya qarşı müharibə elan etməsindən cəmi bir neçə saat sonra batırılıb. "Ateniya" alman ordusuna məxsus sualtı gəmilər tərəfindən vurulub. Hadisə nəticəsində 100-dən çox ingilis əsgəri ölüb.
Gəmi Atlantik okeanında İrlandiya sahillərinə yaxın ərazidə, 200 metr dərinlikdə tapılıb.
Diqqət çəkən bir məqam, həmin gəmidə amerikalı hərbçilərin də olmasıdır. Həmin hadisədən sonra Almaniya tərəfi, ABŞ-ın müharibəyə qatılmaması üçün gəmini özlərinin vurmadığını bildirmişdi. Ancaq əsl gerçək müharibədən sonra nasistlərin mühakimə edildiyi məhkəmədə üzə çıxmış və alman hərbçilər məsuliyyəti üzərilərinə götürmüşdülər.