BAKI, 4 oktyabr — Sputnik. Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Azərbaycan Türkiyə ilə onlarla müqavilə imzalayıb və o müqavilə və sazişlər arasında hərbi əməkdaşlıq haqqında müqavilələr də var.
Qeyd edək ki, bu Anlaşma Memorandumun məqsədi təlimlə bağlı hazırlıq və onun keçirilməsi çərçivəsində təlimdə iştirak etmək üçün Ev Sahibi Ölkədən olan Göndərən Ölkənin bölmə/şəxsi heyətinə təmin ediləcək dəstəklə bağlı metod və tərəflərin cavabdehliklərini müəyyənləşdirməkdir.
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi üçün səlahiyyətli orqanlar Azərbaycan Hökuməti adından – Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığı, Türkiyə Hökuməti adından – Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığıdır.
Qanun layihəsi 18 maddədən ibarətdir.
Sənəd səsə qoyularaq ratifikasiya olunub.