BAKI, 4 oktyabr — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin təşkilatçılığı ilə 1 oktyabr- Beynəlxalq Ahıllar günü münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Qocalar evində tədbir keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbiri aparıçı Humay Muxtarova açaraq, iştrakçılara Beynəlxalq Ahıllar gününün yaranma tarixindən məlumat verib. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu gün ölkəmizdə 1993-cü ildən qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Qocalar evinin direktoru Qətibə Əsədova, Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndələri çıxış edərək ahılları təbrik ediblər.
Tədbirdə müğənnilər Elvin Abbasov, Könül Məmmədli, Ani Musaqi və Elçin İsmayılovun çıxışları alqışlarla qarşılanıb.
Sonda Qocalar evinin sakinlərinə hədiyyələr təqdim olunub.