BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanda təqribən beş provayder istifadəçiləri "Halal internet" adlandırılan filtrlənmiş internet xidməti ilə təmin edir.
Bunu Sputnik Azərbaycan-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycan ərazisində uşaqların qlobal sosial şəbəkələrdəki arzuolunmaz proqramlara açıq girişinin olmasını, eləcə də sosial şəbəkələrə nəzarətsiz daxil olmaq imkanlarının mövcudluğu problemini şərh edərkən bildirib.
Onun sözlərinə görə, əgər istifadəçilər internetə data-kartlar, yaxud da bu provayderlərin satın alınan paketləri vasitəsilə daxil olurlarsa, onda təhlükəsiz internetdən istifadə etmiş olurlar.
Gündüzün sözlərinə görə, Azərbaycanda uşaqların internetdən istifadəsini məhdudlaşdıran heç bir hüquqi sənəd yoxdur. Yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəssisələrində filtrlənmiş internetdən istifadə edilir.
O xatırladıb ki, 2016-cı ildə Azərbaycanda "Telekommunikasiyalar haqqında" qanuna düzəlişlər edilib. Bu dəyişikliklərə əsasən istehlakçılar operatorlardan onları təhlükəsiz internetlə təmin etməyi tələb edə bilərlər.
"Hələlik qanunun tələblərinin yerinə yetirilmə mexanizmləri barədə nəsə demək çətindir. İstifadəçilərin, bizim halda valideynlərin arzusuna uyğun olaraq operatorlardan müqavilə şərtlərini problemsiz yerinə yetirmək tələb oluna bilər" — deyə Gündüz bildirib.
Ekspert Rusiya parlamentarilərinin 14 yaşadək olan uşaqların sosial şəbəkələrdə qeydiyyatını qadağan etmək və ya bunu valideynlərin ciddi nəzarəti altında etmək təşəbbüslərinə də toxunub. Deyib ki, sözügedən qanun layihəsinə görə, qeydiyyat ancaq pasportla aparıla bilər.
Lakin Gündüz nə qədər ki, sosial şəbəkələr qlobal xarakter daşıyır, Azərbaycanda bunun tətbiqinin çətin olduğunu bildirib. O, sosial şəbəkələrdə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə aparılmasının praktiki cəhətdən mümkün olmadığını deyib.
"Mən hesab edirəm ki, internetdə, o cümlədən də sosial şəbəkələrdə uşaqlar üçün ciddi təhlükə dolaşır. Bizim qanunvericiliyimizdə belə problemlər sıralanır. Biz təhsil sistemində bu problemi həll etdik, lakin internet-klublarda və digər ictimai yerlərdəki internetlərdə bu problem qalır. Onların qarşısını isə yalnız ictimai müdaxilənin köməyi ilə almaq mümkündür" — deyə ekspert bildirib.