İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 4 oktyabr — Sputnik. Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində Daşagil gölünün daşması nəticəsində evləri yenə su basıb. Bu ərazidəki torpaqlar sakinlərə 7-10 il əvvəl bələdiyyə tərəfindən satılıb. Onlarla ailə, çox ucuz olduğu üçün burada torpaq alıb və ev tikib.
Bir-iki il yaxşı, sakit yaşayıblar. Sonradan ərazidə müxtəlif zavodlar tikilib və onların tullantı suları yaxınlıqda olan gölə axıdılıb. Əvvəlcə bu, problem kimi görünməsə də, payız-qış aylarında yağıntılar artdığı üçün sakinlər böyük problem yaşamağa başlayıblar. Deyirlər ki, bir balaca yağış, qar yağan kimi göl dolub daşır və evləri su basır.
Xatırladaq ki, Sputnik Azərbaycan-ın əməkdaşı ötən qış ərazidə olaraq, reportaj hazırlamışdı. Sakinlər, o zaman da vəziyyətlərinin həddən artıq acınacaqlı olduğunu bildirmişdilər.
Güman etmək olardı ki, məqalədən sonra aidiyyatı orqanlar insafa gəlib, hansısa addım atacaqlar. Amma üstündən, təxminən 8 ay keçməsinə baxmayaraq, sakinlərin xilası üçün heç bir iş görülməyib. Son günlər yağan intensiv yağışlar gölün yenidən daşmasına səbəb olub. Biz də yaşananları nəzərə alaraq, yenidən əraziyə baş çəkdik.
Ərazidə 150-ə yaxın ev var və artıq 25-ə yaxın ev su içində qalıb. Sakinlərin sözlərinə görə, ildə iki dəfə eyni hal təkrarlanır. Əsas problem isə ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Kanalizasiya sistemi olmadığı üçün yaxın qəsəbələrin tullantı suları bu gölə axıdılır. Sakinlər yayda üfunət qoxusundan, ağcaqanaddan dinclik tapmırlar, qışda isə evlərinə su dolur.
Sakin Elnur Həsənovun sözlərinə görə, 5-6 ildir bu qəsəbədə torpaq alıb, ev tikib. Düşünüb ki, rahatlığa çıxacaq. Amma yaxınlıqdakı gölün daşması sakinin bu rahatlığını pozub. Həsənovun sözlərinə görə, evlərini su basdığı üçün uşaqlar evdən kənara çıxa bilmir, məktəbə getmirlər.
Sürəyya Kazımova da deyir ki, 6 ildir burada yaşayır: "İki il rahat yaşadıq. Amma sonradan bu problemi yaşamağa başladıq. İldə iki dəfə evlərimizi su basır. Qışda yağış suları gölə axır, göl daşır, evlərimizi basır. Yayda da elə bil ki, yerdən su çıxır. Yağış yağdı-yağmadı evlərimiz su ilə dolu olur".
Sakinlərdən Telman Söhbətov da ildə iki dəfə problemlə qarşılaşdıqlarını bildirir. Hara müraciət etsələr də, müraciətləri cavabsız qalır. Payız ayları olan kimi, sakinlərin əksəriyyəti qapı-pəncərəsini bağlayıb, şəhərə kirayəyə köçür. İmkanı olmayanlar isə çarəsizcəsinə gölün suları ilə mübarizə aparmağa çalışırlar.
Sakinlər bildirirlər ki, onlar bu ərazidə torpaq alanda Daşagil gölü bir qədər uzaqda olub və gölün ortasından nazik yol keçirmiş. Ətraf ərazilərin kanalizasiya sistemindən isə nazik boru ilə əraziyə kanalizasiya suları axıdılırmış. Hazırda isə "Milla"nın, "Caspian"ın, "Neft baza"nın və bütün Binəqədinin çirkab suları bu gölə axıdılır.
"Bununla yanaşı, yaxınlarda salınan "28 may" qəsəbəsinin də çirkab suları bu gölə axıdılır. Başa düşə bilmirik, elə bil ki, bizim qəsdimizə durublar. Qarşıdan qış gəlir. Həqiqətən qorxuruq. Artıq bilmirik kimə müraciət edək. Kimsə bizə kömək etsin" — deyə sakinlər fəryad edirlər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, sakinlər onlara müraciət edib və qurumun nümayəndələri də ərazidədirlər. Yəni, "heç bir problem yoxdur". Halbuki, biz İcra Hakimiyyətinə müraciət edəndən əvvəl də, sonra da sakinlər bildirdilər ki, Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, müraciətləri cavabsız qalıb.
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, edilən çağırışlar aidiyyatı üzrə yerli icra hakimiyyəti orqanlarına və "Azərsu" ASC-yə yönləndirilib. Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, hazırda qurumun 2 nasosu suyu Daşhagil gölündən Sumqayitçaya vurur.
"Adi günlərdə isə 1 nasos işləyirdi. Yağıntılar zamanı 2-ci nasosu da işə salmışıq. Suyun qalxması müvəqqətidir. Yağıntılar dayanan kimi yenə səviyyə tənzimlənəcək və problem yaşanmayacaq" — Cəbrayıllı vurğuladı.