BAKI, 4 oktyabr — Sputnik. "Mən artıq 40 ilə yaxındır ki, Şeyxülislam məqamını daşıyıram. Uca Allah qarşısında, Vətənim Azərbaycan və xalqımız qarşısında məsuliyyət və mənəvi borcuma hər zaman sadiq olmuşam, ən mürəkkəb zamanlarda ədalətli mövqedən geri çəkilməmişəm. Əməllərim Uca Allaha, fəaliyyətim doğma xalqıma məlumdur".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a müsahibəsində deyib.
A.Paşazadə bildirib ki, ümumən, Şeyxülislamlıq məqamına hörmət, ehtiram təbii ki, xalqımızın milli-mənəvi dəyərlərindən, əsrlərlə formalaşmış mentalitetindən irəli gələn bir məsələdir: "Düzgün vurğuladınız ki, fitnə xarakterli məlumatlar müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə gündəmə gətirildikdən sonra mənə bir çox mötəbər şəxslər də, sadə dindarlar da zəng vuraraq bundan hiddətləndiklərini bildirdilər. İdarəmiz adından açıqlama yaymaqla kifayətləndik. Lakin bu iftiraların arxasında din-dövlət münasibətlərinə xələl gətirmək istəyən müəyyən qüvvələrin təxribatlarının olması da istisna deyil".
Onun sözlərinə görə, ölkəmizə, onun mənafelərinə, maraqlarına, nüfuzuna, bəlli müstəvilərdə mövqeyinə xələl gətirməkdən başqa bir şeyə xidmət etməyən dedi-qodulara cavab vermək izafi vaxt itkisi olar: "Biz öz işimizlə, fəaliyyətimizlə, xalqımıza, dövlətçiliyimizə, dini-mənəvi dəyərlərimizə xidmətimizlə hər bir böhtanın, şərin öhdəsindən gəlmək iqtidarındayıq və bunu da edirik. Uca Allah müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur: "Xeyirli işlər görün, Allah, onun Peyğəmbəri və möminlər əlbəttə ki, əməllərinizi görəcəklər".