Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 4 oktyabr — Sputnik. Lənkəran ərazisinə bir neçə gündür yağan leysan xarakterli yağışlar ciddi fəsadlara səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Şiləvar, Digah və Girdəni kəndləri ərazisindəki bir sıra evlərin həyətyanı sahələrini və zirzəmilərini su basıb. Problemlə yağışlarla əlaqə olsa da, rayon ərazisində kanalizasiya xətlərinin və su kanallarının normal işləməməsi vəziyyəti daha da çətinləşdirir.
Bir neçə ildir davam edən analoji vəziyyət Lənkəran şəhəri ərazisində də müşahidə olunur. Şəhərdəki yaşayış evləri də güclü yağışlar yağan zaman eyni aqibəti yaşayır.
Lənkəran Regional Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, sentyabrın 23-dən başlayan yağış hazırda da davam edir: "Yağıntılar bütün Cənub bölgəsini əhatə edir. Ən çox yağıntılar isə Lənkəran və Astara rayonlarının ərazisində müşahidə edilib".
"Sentyabrda düşən yağıntılar aylıq normaya yaxın olduğu halda, oktyabr ayında, xüsusən də son 2-3 gün ərzində yağan yağışlar, aylıq normanın 60-80%-ni təşkil edir" — o, əlavə edib.
C. Hsüeynovun dediyinə görə, zonada 1800 metrdən yüksək dağlıq ərazilərdə yağıntlar qar şəklində davam edir: "Vizual müşahidələrə əsasən, həmin ərazilərdə qarın qalınlığı 10-20 sm təşkil edir. Hazırda ərazidə axan bütün çaylarda sel müşahidə olunur və ötən günlərlə müqayisədə çaylarda suyun səviyyəsində 70-80 sm qalxma var".
Müəssisə rəhbəri əlavə etdi ki, yağıntılı hava şəraiti oktyabr ayının 5-i səhər saatlarınadək davam edəcək.