CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını böyük fəlakət gözləyir: 8-12 ballıq zəlzələ, sürüşmə və ...

Abunə olmaq
Seysmoloq Səbail rayonu ərazisindəki tikililərin vəziyyətini və seysmoaktiv zonaların xəritəsini öyrənərək müəyyən edib ki, Bakıda yaşamaq çox təhlükəlidir

BAKI, 4 oktyabr — Sputnik. Ən seysmoaktiv ərazi Bakının Səbail rayonunun Bayıl yamacı və "20-ci sahə"dir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bildirib.

Abşeron yarımadasındakı seysmoaktivliklə əlaqədar olaraq, Azərbaycan Seysmoloqlar Assosiasiyası AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bakının Səbail rayonunun seysmik risklərinin qiymətləndirilməsi" layihəsini həyata keçirir.

Məmmədlinin sözlərinə görə, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Səbail rayonu səkkiz və on iki bal gücündə zəlzələnin ola biləcəyi iki zonaya ayrılır. Rayonun ən yüksək seysmoaktiv zonası sahil zolağıdır.

Tədqiqatlar zamanı seysmoloqlar rayon ərazisindəki binaların özüllərinin vəziyyətini və onların zəlzələyə nə dərəcədə davamlı olduğunu öyrəniblər.

Məmmədli qeyd edib ki, rayonda bir neçə tip bina var: onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi binalar, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli çoxmənzilli evlərdir.

Bu binaların davamlılığını və seysmik aktivliyi öyrənən seysmoloqlar müəyyən ediblər ki, Bayıl buxtasının sahilyanı zolağı daha təhlükəlidir. "20-ci sahə" və Bayıl yamacı faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.

"Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri yeddi baldan yuxarı olmayıb. Lakin tədqiqatlar göstərir ki, növbəti zəlzələ 8 bala çata bilər" – deyə Məmmədli əlavə edib.

O, qeyd edib ki, Azərbaycan Alp-Himalay seysmik zonasına daxildir. Burada 427-ci ildən 2016-cı ilə qədər bir neçə yüz dəfə zəlzələ olub və nəticədə minlərlə insan ölüb.

"Proqnozlara görə, bu zəlzələlər gələcəkdə də baş verəcək. Lakin növbəti təkanları qabaqcadan proqnozlaşdırmaq çətindir" – deyə seysmoloq bildirib.

Qeyd edək ki, Azərbaycanda ən güclü zəlzələ 25 noyabr 2000-ci ildə Xəzər dənizində baş verib. Onun gücü Bakı və Abşeron yarımadasında 6 bal qiymətləndirilib. Zəlzələnin episentri Xəzər dənizinin 35 km dərinliyində olub.

Xəbər lenti
0