BAKI, 4 oktyabr — Sputnik. Türkiyədə on ildir müxtəlif qondarma adlarla istintaqdan gizlənən Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
1968-ci ildə Ağdaş rayonunda anadan olmuş Məmmədova Gülzar Vahid qızı insanları fahişəliyə cəlb etməkdə və dövlət sərhəddini qanunsuz pozmaqda günahlandırılır. 2007-ci ildə Məmmədovanın cinayət ortaqları — həyat yoldaşı Elşad Məmmədov və Mehriban Dilqanlı saxlanılaraq canlı insan ticarətinə görə cinayət məsuliyyətinə cəlb olunublar. Onlar qadınları fahişəliyə cəlb edərək onları cinsi istismara tabe olmağa məcbur ediblər. Məmmədov və Dilqanlıya səkkiz il azadlıqdan məhrumetmə cəzası verilib. Onların cəza müddəti artıq başa çatıb.
Lakin Məmmədova istintaqdan gizlənə bilib. O, qanunsuz yollarla Türkiyəyə keçib və bütün bu vaxt ərzində orada yaşayıb. AR Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin beynəlxalq polislə birgə keçirdiyi əməliyyat nəticəsində qadın saxlanılıb. Hazırda o, Bakıdadır və tezliklə məhkəmə qarşısına çıxacaq. İstintaq zamanı qadın Türkiyədə qanunları pozmadığını bildirib. Lakin qanun keşikçiləri ona inanmırlar, çünki onlarda başqa məlumat da var.