CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məşhur mahnının və himnin müəllifi əzab çəkir: "Yardım edin"

© Sputnik / Irade JELILMətanət Tağıyeva
Mətanət Tağıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Qənirə xanıma yazdığımız məktubun içində bomba axtarırdılar, Çingiz Abdullayevin katibəsi isə..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Sosial şəbəkədə dostluğumda olan xanım bir müddət öncə mənə, görmə və eşitmə qabiliyyəti olmayan Mətanət Tağıyevanın telefon nömrəsini göndərmişdi. Xanım yazırdı ki, Mətanət Tağıyevanın köməyinə çatan olmasa, o, bu dünya ilə əlaqəsini tamamilə itirəcək.

Ötən günlərdə verilən nömrə ilə əlaqə saxladım. "Gəlin, gözləyirik" dedilər. Getdiyim gün isə məni heç kim gözləmirdi. Hətta Mətanət xanımın bacısı "o qədər söz verib gəlməyiblər ki, sizin də gələcəyinizə inanmırdıq " dedi. Mətanət xanımla söhbətə başlamaq isə asan olmadı. Çünki o, nə görür, nə də eşidir. Evdə yanında olan iki bacısı belə, onunla xüsusi Brayl əlifbası ilə danışa bilir.

© Sputnik / Irade JELILMətanət Tağıyeva
Mətanət Tağıyeva - Sputnik Azərbaycan
Mətanət Tağıyeva

Mətanət Tağıyev filologiya üzrə fəlsəfə doktoru, bir neçə kitabın, bir neçə mahnının, müxtəlif əsərlərin müəllifi olsa da, italyan, ispan, ingilis, fars və rus dillərini bilsə də, görmə və eşitmə qabiliyyəti olmadığı üçün çox acınacaqlı vəziyyətdə yaşayır.

Mətanətgil 3 bacıdırlar. Onlardan ikisi – Mətanət və Aygün görmə qabiliyyəti zəif olaraq dünyaya gəlib. Deyirlər ki, nəsillərində görmə problemi yaşayan olmayıb. Amma həkimlərin fikrincə, bacıların xəstəliyi irsidir.

Mətanətin bacısı Aygün Tağıyeva danışır ki, uşaqlıqdan Mətanət də, o da zəif görüblər. Nəsillərində belə bir problem olmasa da, Moskvada və Bakıda edilən müayinələrdə həkimlər bu xəstəliyin irsi xəstəlik olduğunu bildiriblər: "Biz 1981-1993-cü illərdə məktəbdə bir sinifdə oxumuşuq. Mətanət 1973, mən isə 1974-cü ildə doğulmuşuq".

© Sputnik / Irade JELILMətanət və Aygün Tağıyeva bacıları məktəb illərində
Mətanət və Aygün Tağıyeva bacıları məktəb illərində - Sputnik Azərbaycan
Mətanət və Aygün Tağıyeva bacıları məktəb illərində

Bacılar orta məktəbdə "zəifgörənlər" kimi təhsil alıblar. Sonra edilən müalicələr bacıların görmə qabiliyyətinin daha da azalmasına səbəb olur. Aygün Tağıyeva danışır ki, əslində belə xəstəliklər zamanı insanlar gözün nurunu, yəni görmə qabiliyyətini 50 yaşından sonra itirməlidirlər. Ancaq həkimlərin etdiyi səhv müalicələr hər iki bacının görmə qabiliyyətini daha tez itirməsinə səbəb olub.

Mətanət 15, Aygün isə 25 yaşından sonra tədricən gözünün nurunu itirib: "Həkimlər hər zaman müalicə edəndə "olduğunu saxlayaq" deyə müalicə edirlər. Amma sanki müalicələr bizim xəstəliyimizi daha da dərinləşidirir. Mətanət gözlərinə görə müalicə aldıqca, eşitmə qabiliyyətini də itirdi. Mən isə gözlərimi müalicə etdirməkdən qorxuram".

"Korluğu qəbul etmişəm, karlığı qəbul edə bilmərəm. Mətanətin qulağını İranda əməliyyat etdilər. Eşitmə qabiliyyətinin 15 faiz bərpa ediləcəyinə ümid var idi. Amma olmadı. Hazırda Mətanət dördüncü dərəcə eşitmə qabiliyyətinə malikdir" deyən Aygün xanım bildirir ki, Mətanətin gözlərinin vəziyyəti 2012-ci ildən daha da ağırlaşır və o, artıq tamamilə görmə qabiliyyətini itirib.

Mətanət Tağıyeva 1993-cü ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya (BDU) fakültəsinə daxil olub. Məktəb illərində Brayl əlifbasını öyrəndiyi üçün gözünün nurunu itirəndən sonra təhsilini Brayl əlifbası ilə davam edib. Universiteti bitirdikdən sonra təhsilini magistr kimi davam etdirib. Magistr təhsilini bitirdikdən 1 il sonra Elmlər Akademiyasının Dilçilik İnstitutunda aspiranturaya daxil olub.

2005-ci ildə müdafiə edən M. Tağıyeva, filologiya üzrə fəlsəfə doktorudur. Bir monoqrafiyanın, bir neçə povestin, bir neçə mahnının müəllifidir. Xarici dillərə marağı olduğu üçün qulağı eşitdiyi zamanlarda BBC-nin "1,2,1" kurslarında ingilis dilini öyrənib. Sərbəst şəkildə ispan, italyan, fars dillərini öyrənən Mətanət xanımın, İtalyanca-Azərbaycanca (55 min söz) lüğətin müəllifidir.

© Sputnik / Irade JELILMətanət Tağıyevanın müəllifi olduğu İtalyanca-Azərbaycanca lüğət
Mətanət Tağıyevanın müəllifi olduğu İtalyanca-Azərbaycanca lüğət - Sputnik Azərbaycan
Mətanət Tağıyevanın müəllifi olduğu İtalyanca-Azərbaycanca lüğət

O, Mübariz Tağıyevin ifa etdiyi "Prezidentimiz", " Yeni il gəlir Azərbaycana" mahnılarının, eləcə də Bakı Dövlət Universitetinin himninin müəllifidir. "Prezidentimiz" mahnısını ölkə Prezidenti İlham Əliyevə həsr edib və 2004-cü ildən bu günə qədər ifa edilir.

Söhbətin bu yerində Mətanət xanımın bacısı deyir: "Qənirə xanımla (millət vəkili Qənirə Paşayevanı nəzərdə tutur – red.) görüşmək istəyirik, amma alınmır. Bir dəfə aparıb bacımın məktubunu vermək istədim. Yanındakılar yaxın buraxmadılar. Məktubu yoxlayırdılar ki, içində birdən bomba olar. Halbuki, içində hisslərimiz var idi".

Bütün bacarıqlarına, savadına rəğmən Mətanət Tağıyevanın maddi vəziyyəti çox ağırdır. Bacılar, köhnə, ikiotaqlı həyət evində yaşayırlar. Evin tavanı sıradan çıxıb, qarşıdan qış gəlir. İki bacı (üçüncü bacıları ailəlidir və ayrı yaşayır) və yaşlı ana bu qışdan necə çıxacaqlarını düşünürlər.

M. Tağıyeva eşitmə qabiliyyətini tamamilə itirsə də, bacısı Aygün Brayl əlifbası ilə ona mənim sualımı çatdırır. M. Tağıyeva danışır ki, Azərbaycanda görmə və eşitmə qabiliyyətindən tam məhrum olan (kor-kar) 90-120 nəfər var: "Onlardan 12 nəfərini şəxsən tanıyıram. Mən də daxil olmaqla, 3 nəfərin vəziyyəti çox ağırdır. Biz ancaq müasir texnika vasitəsilə insanlarla ünsiyyət saxlaya bilirik. Artıq iki ildir ki, mənim bacılarım mənimlə yazışma ilə ünsiyyət saxlayırlar".

O, gözünün nurunu itirsə də, nikbinliyini heç bir zaman itirməyib: "2000-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda aspiranturaya daxil oldum. Mərhum akademik Ağamusa Axundov 13 nəfər əyani aspirantın içindən 4 nəfəri seçdi. Onların arasında mən də var idim. 2004-cü ilə qədər yarımştat, 2004-cü ildən bu günə qədər həmin institutda tam ştatlı işçiyəm. İnstitutda böyük elmi işçi vəzifəsində çalışıram. 2005-ci ildə namizədlik dissertasiyası müdafiə etdim. Həmin ildən müxtəlif lüğətlərin tərtibatında iştirak etmişəm. Şah əsərim isə 2013-cü ildə çap olunan "Böyük İtalyanca-Azərbaycanca" tərcümə lüğəti olub. Mən hiss edirdim ki, eşitmə qabiliyyətini itirəcəyəm. Ona görə əsərimi yaratdım".

"Azərbaycanda görmə və eşitmədən məhrum olmuş insanlar üçün dəstək fondu yaradılması yaxşı olardı. Mənə yaradıcılığımı davam etdirmək üçün Brayl displeyi və noutbuk lazımdır. Çünki mən öz əsərlərimi yazanda çətinlik çəkirəm. Yazıçılar Birliyinin üzvü olduğumdan, "redaktor" üçün Çingiz Abdullayevə müraciət etmək istədim. Katibəsi məni heç yaxına buraxmadı. Dedi ki, "biz "redaktor" vermirik". Yazıçılar Birliyi əlil müəlliflərə kömək etmirsə, bu qurumun varlığı kimə lazımdır?" — o, sual edir.

M. Tağıyevanın digər bir problemi isə banklarladır. O, görmə-eşitmə qabiliyyətini itirdiyi üçün "etibarsız müştəri" hesab edilir: "Mənə kredit vermirlər ki, görmürsən, eşitmirsən. Mənim evimin damı sıradan çıxıb. Qış aylarında burada necə yaşayacağam? Çox çıxılmaz vəziyyətdəyik. Sabah bu ev də başıma uçsa, harada yaşayacağam? 40 ildir hamamın içindən qaz borusu keçir. "Azəriqaz" deyir ki, "bunu öz hesabına təmir etməlisən". Bu ev 40 ildir ki, atamın evidir. Mən bu evi 3 il öncə zəbt etməmişəm ki, "Azəriqaz" "öz hesabına həmin boruları kəsdirməlisən" desin. Qalmışıq çıxılmaz vəziyyətdə. Hansı quruma gediriksə, atırlar bir-birinin üzərinə. Qısacası, nə sağlam kimi qeydiyyatdayam, nə xəstə kimi".

Çarəsiz qadın deyir ki, bəzən problemlər onu o qədər sıxır ki, ölüm arzulayır: "Mən savadlıyam, xarici dillər bilirəm, aliməm, amma çox ağır vəziyyətdə yaşayıram. Yəni Azərbaycanın gücü çatmır ki, mənim kimi birinə sahib çıxsın? Mən yenə ümid edirəm ki, ölkədə mənim problemimi həll edə biləcək insanlar var".

M. Tağıyevanın bacılarının bir arzusu var. Onlar Mətanət xanımın "Prezident təqaüdü" almasını arzulayırlar. Düşünürlər ki, bəlkə o zaman Mətanət xanımın dünyadan təcrid olmaması üçün lazım olan Brayl displeyi, noutbuk və iPhon-u öz imkanları gücünə ala bilərlər.

Xəbər lenti
0