BAKI, 3 oktyabr — Sputnik. Ali Məhkəmə jurnalist Rauf Mirqədirovun şikayətini təmin etməyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalistlərə Rauf Mirqədirovun vəkili Fuad Ağayev bildirib.
Qeyd edək ki, Rauf Mirqədirov 2014-cü ilin may ayında AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı şəhər məhkəməsinin qərarı ilə o, ağır cinayətə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu qərardan apellyasiya şikayəti verilib. R.Mirqədirov şikayət ərizəsində ona bəraət verilməsini istəyib.
Hazırda İsveçrədə yaşayan Rauf Mirqədirov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, Ali Məhkəmənin qərarı onun üçün gözlənilən olub. Lakin o, Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsi ilə özünün tam reabilitasiyasına nail olmaq uğrunda mübarizəsini davam etdirəcək.
"Mən öz təmiz adım uğrunda mübarizəni davam etdirəcəm. Çünki burada söhbət vətənə xəyanətdən gedir. İmkan verməyəcəm ki, bu damğa ömür boyu üzərimdə qalsın. Mən mütləq Avropa Məhkəməsinə müraciət edəcəyəm və ədalətin bərqərar olmasına nail olacağam" — deyə Mirqədirov bildirib.
Xatırladaq ki, Rauf Mirqədirov 2016-cı ilin mart ayında Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesində 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılıb.