BAKI, 3 oktyabr — Sputnik. Türkiyənin Amasiya vilayətində, Həzrəti Süleymana aid olduğu düşünülən bürünc möhür tapılıb. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, polis aldığı məlumatlar əsasında, vilayətin Qızılcaörən kəndində yaşayan S.Ö. adlı şəxsin evinə basqın edib.
Axtarış zamanı 11 ədəd tarixi əsər ələ keçirilib. Onların içərisində ən diqqət çəkəni, Həzrəti Süleymana (Süleyman peyğəmbər) aid olduğu düşünülən möhürdür.
Sözügedən tarixi əsərlərin üzərinə İndoneziya əlifbası ilə müxtəlif yazılar həkk edilib. 2 ədəd 5 yarpaqlı, 3 ədəd 4 yarpaqlı qızıl kitab, qızıl görünüşlü öküz fiqurlu heykəlcik, "Tövrat" olduğu hesab edilən 6 səhifəlik metal kitab və 2 ədəd cadu kitabı götürülərək şöbəyə aparılıb.
Tarixi əsərlər daha sonra, Respublika prokurorunun əmri ilə Amasya Muzey Müdirliyinə təslim edilib. S.Ö. adlı şəxs isə həbs olunub. Məsələnin mahiyyəti ekspertlərin araşdırmasından sonra məlum olacaq.