BAKI, 3 oktyabr — Sputnik. Milli Məclisin dünən keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, "Əmək pensiyaları haqqında" qanunun 1.0.18-ci maddəsində "müəyyən edilən qaydada" sözlərindən sonra "və məbləğdə" sözləri əlavə olunub.
Mövcud variantda göstərilir ki, xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.
Təklif olunan variantda isə göstərilir ki, xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.
Beləliklə, həmin maddəyə "müəyyən edilən qaydada" sözlərindən sonra "və məbləğdə" sözləri əlavə olunub. "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik xüsusi hesaba köçürülən vəsaitin aydın və dəqiq əks olunması məqsədi daşıyır.
Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.