BAKI, 3 oktyabr — Sputnik. İntensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, keçmiş "Musabəyov parkı"nın arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib. Nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.
"Azəravtoyol" ASC-nin mətbuat xidməti Anar Nəcəfli Sputnik Azərbaycan-a bildirib ki, dərhal əraziyə ASC əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılıb: "Məlum olub ki, podratçı bir təşkilat yaxınlıqdakı yeni yaşayış binasına yeni kanalizasiya xətti çəkib. Daha sonra qazılmış hissəni torpaq və çınqılla doldurub. Lakin yağıntılar sona qədər yolun bərpası işlərini həyata keçirməyə imkan verməyib. Nəticədə qazılmış hissədə 15-20 sm dərinlikdə torpağın çökməsi baş verib. Bu isə öz növbəsində hərəkəti iflic edib".
Anar Nəcəfli onu da deyib ki, mövcud qanunvericiliyə əsasən, yolun bərpasını qazıntı aparan qurum və ya şirkət özü etməlidir: "Bunu normal şəkildə etməyə imkanı yoxdursa, bu sahədə ixtisaslaşmış dövlət qurumu olan "Azəravtoyol" ASC ilə bununla bağlı müqavilə imzalanmalı, rəsmi ödəniş olunmalı və yalnız bundan sonra bizim tərəfimizdən bərpa işləri aparıla bilər".
"Lakin bununla bağlı həmin podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Belə olan halda isə həmin təşkilat yolun bərpasını özü həyata keçirməyə borcludur. Buna baxmayaraq əraziyə cəlb olunmuş əməkdaşlarımız tərəfindən yolun qazılmış hissəsinin müvəqqəti olaraq bərpa olunması və normal hərəkətin təşkili üçün addımlar atılıb" — ASC sözçüsü vurğulayıb.