BAKI, 2 oktyabr — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında cari il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna prezidentin etirazı haqqında qərar layihəsinə baxılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyə məqsədəuyğun hesab olunub.
Layihə səsə qoyularaq qəbul edilib.
Dövlət başçısının etirazına səbəb "Dövlət qulluğu haqqında" qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.
Bu siyahıya əsas səlahiyyətləri Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxildir.
Yeni düzəlişə əsasən, Məhkəmə Hüquq Şurası Aparatına dövlət orqanı statusu verilib və yuxarıda qeyd olunan dövlət qurumlarından sonrakı kateqoriyaya aid olunub.