BAKI, 2 oktyabr — Sputnik. Parlamentdə, Laçın Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili Fazil Mustafa bununla bağlı hüquq-mühafizə orqanlarının ciddi tədbir görməli olduğunu söyləyib.
"Məmur olduğu halda açıq deyir ki, hansısa "Kürdüstan"a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Hələ də tutduğu vəzifəsini icra edir və ona "qaşın üstdə gözün var" deyən yoxdur" — F. Mustafa bildirib.
Millət vəkili Vahid Əhmədov da bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib: "Bizim məmur separatçı "referendumu" dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur. Baş prokurora müraciət edirəm ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı olan bu addımlarla bağlı vaxtında tədbir görsün".