BAKI, 1 oktyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura Günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, şeyx və komitə sədri Təzə Pir məscidində qan veriblər. Allahşükür Paşazadənin ailə üzvləri, oğlu Məhəmməd Paşazadə və qardaşı Cavanşir Paşazadə də qanvermə aksiyasına qatılıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda Aşura günü qanvermə aksiyası bir çox qonşu ölkələrdə də nümunə kimi istifdə edilir: “Əvvəllər Azərbaycanda məscidlərdə Aşura günü bədənə xəsarət yetirməklə qançıxarma ənənələri olub. Artıq Azərbaycanda bunun əvəzinə kütləvi olaraq ehtiyacı olanlara könüllü qanvermə ənənəsi formalaşıb. Aşura günü mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun və qanun çərçivəsində keçirilir”.
B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Sputnik Azərbaycan-a bildirib ki, saat 14.00-ə olan məlumata görə 3220-yə yaxın şəxs qanvermə aksiyasında iştirak edib.