BAKI, 29 sentyabr — Sputnik. Millət vəkili Çingiz Qənizadə 234.1-ci maddənin Cinayət Məcəlləsindən çıxarılmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili bu təkliflə, parlamentdə "AR Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, yeni gələn təklifdə 234.1-ci maddə Cinayət Məcəlləsindən çıxarılmalı idi: "Amma yenə də həmin qaydada gəlib. Biz nəyə görə 234.1-ci maddə ilə insanları həbs etməliyik? Bu gün cəzaçəkmə müəssisələrində cəza çəkənlərin, təxminən 30 faizə qədəri narkotiklə bağlı həbsxanalardadır. 16 min məhkumun, təxminən 5-6 mini bununla bağlıdır. Onların da 50 faizi məhz 234.1-ci maddə ilə cəza çəkir".
"Bəlkə, başqa alternativ cəza fikirləşək? Biz niyə bu insanları cəmiyyətdən təcrid edirik? Bu, sonra böyük fəsadlar doğurur" — deputat deyib.
"Onları tuturlar, ailələrində problem yaranır, ailələr dağılır, ailə üzvləri aclıq çəkirlər, bir neçə il gözləyirlər, həbsxana yollarında qalırlar. Bir nəfərin üzərindən yarım qram, 1 qram nəsə çıxmağa görə azadlıqdan məhrum etmək, hesab edirəm, düzgün deyil. Bu maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır" — deyə millət vəkili əlavə edib.