BAKI, 29 sentyabr — Sputnik. Bu gün dünyada insan alveri öz miqyasına görə silah və narkotik alverindən sonra üçüncü geniş və ən çox gəlir gətirən sahə hesab olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "XXI əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova "İnsan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işinin təşkili" mövzusunda keçirilən tədbirdə deyib.
Əmirhüseynova bildirib ki, bu, cəmiyyətin bütün fərdlərinin problemidir və hərtərəfli, daha çox ictimaiyyətin maarifləndirilməsi kimi yanaşmalar tələb edir. Onun sözlərinə görə, hazırda bu bəladan bütün dünya əziyyət çəkir. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə, bu gün dünyada 27 milyon nəfər insan alverinin qurbanı kimi qul vəziyyətində yaşayır.
"Maarifləndirmənin köməyilə həm məişət zorakılığı, həm də insan alveri ilə mübarizə aparmaq olar. Bu bəşəri cinayətin təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alaraq,vətəndaşlarımızın maarifləndirilməsi olduqca önəmlidir" – deyə o bildirib.
Layihənin kordinatoru qeyd edib ki, İctimai Birliyiə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım, hüquqşünaslar tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquq yardım göstəriləcək. İnsan alveri qurbanı olan şəxslərin sənədlərinin hazırlanması, qaydaya salınması istiqamətində müvafiq qurumlara müraciətlər ediləcək.
Tədbir iştirakçılarına insanların cinayətkarlar tərəfindən insan alverinə cəlb edilmələri haqqında məlumat verilib, bu bəladan qorunma yolları izah edilib. Bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların 152 qaynar xətt xidmətləri barədə tədbir iştirakçılarına məlumat verilib, bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib və bukletlər paylanılıb.
Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis-baş mayoru Pərviz Məmmədov, Şirvan İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdürünün müavini Adəm Hüseynov, Şirvan Regional QHT-lərin Resurs və Təlim mərkəzinin sədri Əli Mirzəyev, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov də iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Daxili İşlər və Təhsil nazirliklərinin təşkilati, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gələcəyə qayğı" Regionların Sosial-iqtisadi İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilib.