BAKI, 29 sentyabr — Sputnik. Rusiya Elmlər Akademiyasının Yaxın Şərq ölkələri üzrə Tədqiqat Mərkəzinin üzvü, tanınmış ictimai xadim Andrey Boldırev, Rusiya prezidenti Vladimir Putinlə türk həmkarı Rəcəb Tayyib Ərdoğanın dünənki Ankara görüşünü Sputnik Türkiyə-yə dəyərləndirib.
O, iki ölkə əlaqələrinin 2016-cı ilin ortasından etibarən müsbət dinamika ilə sürətlə irəlilədiyini deyib.
"Həm Türkiyə, həm də Rusiya regional və ikitərəfli əlaqələrin özəyini təşkil edən məsələlərdə oxşar düşüncədə olduqlarını bir daha təkrarladılar. Prezidentlər Suriya və İraqın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Suriyada müharibəyə qadağan olunmuş zonalarla bağlı əməkdaşlığa davam edəcəklərini vurğuladılar. Putin və Ərdoğan, həmçinin ikitərəfli ticarətin böyüməsini və turizmin inkişafı mövzusunu da geniş müzakirə etdilər. Bunlar çox müsbət amillərdir" — Andrey Boldırev bildirib.
Rus akademik Kreml rəhbəri Vladimir Putinin Ankaraya gəliş zamanı ilə bağlı diqqətdən yayınan bir mövzuya da toxunub:
"Bir çoxlarının diqqətindən yayına bilər. Amma prosesləri yaxından izləyənlər görərlər ki, prezident Putinin Ankaraya səfəri Türkiyə ilə əldə edilən "S-400" zenit raket kompleksi satışı ilə eyni zamanda gerçəkləşir. Açığı etiraf edim ki, başda ABŞ olmaqla, NATO blokunun bütün təzyiqlərinə baxmayaraq Türkiyənin Rusiyadan S-400 almaqda israr etməsi rusların xoşuna gəlib. Moskva bunu yüksək qiymətləndirir".