BAKI, 28 sentyabr — Sputnik. İraqın şimalında Kürdüstan Muxtar Vilayətinin keçirdiyi müstəqillik referendumu haqda Türkiyə prezidenti Ərdoğanın "bir gecə qəflətən gələ bilərik" sözləri türkmən bölgəsində əsas şüara çevrilib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Kərkük şəhərinin küçələrində, insanlar divarlara həmin sözləri yazıblar.
İraq Türkmən Müəllimlər Birliyinin sədri Əbdüssalam Bayraktar, Kərkük əhalisinin referenduma qatılmadığını və regional rəhbərliyin təzyiqlərinə dirəndiyini söyləyib.
"Biz, məktəblərimizdə sandıqların qurulmasına icazə vermədik. Amma onlar silah gücü ilə gəlib sandıq qurdular. Əvvəllər Süleymaniyyə və Ərbildə də türkmən məktəbləri var idi. İndi onları itirdik. Kərkükdə də eynisini etmək istəyirlər ancaq buna heç vaxt icazə verməyəcəyik" — Bayraktar deyib.
İraqın Türkməneli telekanalının direktoru Yalman Haceroğlu, Məsud Bərzaninin öz siyasi həyatını davam etdirə bilmək və İsrailin istəklərini yerinə yetirmək üçün referendum təşkil etdiyini vurğulayıb.