BAKI, 28 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin mərkəzi olan Ərbil şəhərinə xarici təyyarələrin uçuşu dayandırılacaq. Sputnik Azərbaycan "TAKVİM"-ə istinadən xəbər verir ki, bu barədə İraq mərkəzi hökuməti məlumat yayıb.
"Sabahdan etibarən bütün xarici uçuşlar dayandırılacaq" — hökumətdən bildirilib.
Rəsmi Bağdadın açıqlamasından sonra, ilk olaraq Qətər dövləti 29 sentyabr — 1 oktyabr arasında Şimali İraqa uçuşların dayandırılacağını bəyan edib.
Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.
Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir. İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.