BAKI, 28 sentyabr — Sputnik. Bu gün səhər saatlarında Sumqayıtda baş verən silahlı insidentin detalları məlum olub. Qeyd edək ki, bir-birilərinə bıçaqla hücum edən şəxslərin şəhər polisinin əməkdaşları tərəfindən zərərsizləşdirilməsi anı hadisənin şahidi olan sakinlər tərəfindən videoya çəkilib.
Sumqayıt Şəhər Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, münaqişə "Cavid" Ticarət Mərkəzinin yaxınlığında, əyyaş həyat tərzi keçirən və konkret yaşayış yeri olmayan iki kişi arasında baş verib. Münaqişə iştirakçıları insident zamanı sərxoş olublar və əllərindəki bıçaqla bir-birilərinə hücum ediblər.
Bunu görən ətrafdakı adamlar asayiş keşikçilərini çağırıblar. Hadisə yerinə gələn polislər çətinliklə də olsa, bu iki şəxsi zərərsizləşdirərək polis bölməsinə aparıblar. Altı nəfər polis əməkdaşının iki səfili necə çətinliklə zərərsizləşdirdiyini hadisə yerindən çəkilmiş kadrlardan da görmək mümkündür.
Saxlanılan şəxslərlə bağlı AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi açılıb. Şəhərdə asayişi pozan həmin səfillərin adları hələlik açıqlanmayıb.
Polisdən Sputnik Azərbaycan-a bildiriblər ki, sözügedən şəxslərin bıçaqla ətrafdakı adamlara hücum etdikləri və polis əməkdaşlarının yaralanması barədə daha əvvəl yerli KİV-lərdə yayılan məlumatlar yanlışdır. Səfillərin bir-birilərinə niyə qənim kəsildiklərini hələ ki, asayiş keşikçiləri müəyyən edə bilməyiblər.