BAKI, 28 sentyabr — Sputnik. "Türkiyə İraq neftinin daşınmasında, bundan sonra mərkəzi Bağdad hökuməti ilə əməkdaşlıq edəcək".
Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-İbadi açıqlama verib. O, ölkənin şimalındakı Kürdüstan Muxtar Vilayətinin müstəqillik referendumu keçirməsinə həm Bağdadın, həm də Ankaranın qarşı olduğuna diqqət çəkib.
"Bəli, referendum olmadan öncə türklər neft ticarətini regional rəhbərliklə edirdilər. Ancaq indi vəziyyət başqadır. Çünki söhbət İraqın ərazi bütövlüyünün pozulmasından gedir. Ona görə də, Türkiyə neft məhsullarının daşınması məsələlərini artıq bizimlə müzakirə edəcək" — baş nazir bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali İraqdakı referendumdan sonra regional rəhbərliyə xəbərdarlıq edərək, onların neftinin dünya bazarına daşınması əngəl ola biləcəklərini söyləmişdi.