BAKI, 27 sentyabr — Sputnik. İraq parlamenti mübahisəli petrol bölgəsi olan Kərkükə ordu göndərməklə bağlı qərar qəbul edib. Sputnik xəbər verir ki, təklifi parlamentə baş nazir Heydər əl-İbadi göndərib. Təklif müzakirə edildikdən sonra səsə qoyulub və qəbul edilib.
Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29%-i referendumun lehinə, 6,71%-i isə əleyhinə səs verib.
Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir. İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.