BAKI, 26 sentyabr — Sputnik. Yay aylarında xərçəng xəstəliyi aşkarlanmış respublikaçı senator Con Makkeyn bildirib ki, həkimlər onunla bağlı "pis proqnoz" veriblər.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, iyul ayında Makkeynə glioblastoma — beyin şişi diaqnozu qoyublar. Diaqnoz qoyulandan sonra senator müalicə kursuna gedib.
"Onlar (həkimlər – red.) deyirlər ki, bu, çox-çox ciddidir. Bəziləri 3%, bəziləri isə 14% sağalma ehtimalının olduğunu deyirlər. Bilirsiz, bu, çox zəif proqnozdur. Mən də dedim ki, başa düşürəm, onda gəlin nə mümkündürsə, edək. Yaxşı həkimlər tapaq, öz gücümüzlə mümkün olan nədirsə, onu edək" — deyə Makkeyn CBS kanalının "60 dəqiqə" proqramına verdiyi müsahibədə deyib.
80 yaşlı Makkeyn ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinə rəhbərlik edir və Respublikaçılar Partiyasının ən avtoritetli liderlərindən biridir. Lakin son vaxtlar o, başda prezident Donald Tramp olmaqla partiyadaşları tərəfindən tibbi sığorta haqqında yeni qanuna səs verməkdən imtina etdiyi üçün ciddi tənqid olunur. Çünki Makkeynlə birlikdə bir neçə respublikaçı senator da həmin qanuna səs verməkdən imtina edib.