BAKI, 26 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı keçirilən referendum başa çatıb. Sputnik Türkiyə xəbər verir ki, səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.
Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir. Qeyd edək ki, İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Sputnik Azərbaycan-a verdiyi açıqlamada, bunun siyasi bir provokasiya olduğunu deyib: "Bu gün İraqın şimal bölgəsi çox böyük muxtariyyətə malikdir. Onun müstəqil dövlət olması üçün ilk növbədə İraqın özü razılıq verməlidir və bu gün o razılıq yoxdur".
"Digər tərəfdən, orada yeni bir dövlətin yaranması regionda vəziyyəti çox gərginləşdirə bilər. Nəzərə alaq ki, İraq Kürdüstanı ərazisində Türkiyə üçün problemlər yaradan PKK terrorçuları məskunlaşırlar. Burada Türkiyə yeni bir dövlətin yaranmasına çox mənfi yanaşacaq. İndidən artıq həmin o müstəqillik tərəfdarları Türkiyə, İraq və İranın kürdlər yaşayan bölgəsində torpaq iddiası ilə çıxış edirlər. Bunun özü elə artıq gərginliyin əsas faktorlarından biridir" — Mirzəzadə bildirib.
Millət vəkili hesab edir ki, bu, bir siyasi təxribatdır və nə hüquqi, nə də praktiki nəticəsi var: "Onsuz da qonşu dövlətlər onun yaranmasına heç vaxt razı olmayacaq. Qonşu dövlətlərin dəstəyi olmadan, onlarla sıx siyasi, iqtisadi əlaqələr olmadan hansısa müstəqillikdən danışmaq olmaz".
Azərbaycanın sərgiləyəcəyi mövqeyə gəlincə, "Azərbaycan bu məsələdə İraqın ərazi bütövlüyünü dəstəkləyir və digər bir məsələ ola bilməz" — deyə Aydın Mirzəzadə bildirib.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də, məsələni Sputnik Azərbaycan-a şərh edib. O deyib ki, ilk addım İraq hökuməti tərəfindən atılıb və onlar belə bir referendumun keçirilməsinə razılıq verməyiblər.
"Gərginliyin əsas səbəbi məhz İraqın daxilində bu separatizmin, parçalanmanın yaranmasıdır və təbii olaraq qonşu ölkələr də öz etirazını bildirib. Rusiya istisna olmaqla, bir sıra digər ölkələr də öz narazılığını ifadə edib. İstisna deyil ki, bu hadisələrin ardınca müvafiq olaraq gərginlik arta bilər" — deputat qeyd edib.
Mollazadənin sözlərinə görə, Türkiyə İraqın parçalanması və onun ərazilərində hansısa yeni dövlətlərin yaranmasının əleyhinədir: "Bu addım əslində yeni bir addımdır. İndiyədək Məsud Bərzani və muxtariyyət rəhbərliyi müstəqillik barədə bəyanatlar verməmişdi. Məhz belə bir yeni dövlət yaratmaq qərarı bu gərginliyin əsas səbəbidir".
"Azərbaycan bu məsələlərdə beynəlxalq hüququn prinsiplərini və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir" — deyə millət vəkili vurğulayıb.