BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.
Abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.