BAKI, 24 sentyabr — Sputnik. Beləliklə, sahibkarlar üçün qayğısız günlər başa çatır, çünki oktyabrın 31-dən sonra dövlət strukturları tərəfindən yoxlamaların sayı dəfələrlə arta bilər.
İki il əvvəl Azərbaycan prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması" haqqında qanun qəbul edilib. Onun qəbulundan sonra 1 noyabr 2015-ci il tarixindən etibarən biznes sahəsində yoxlamalar (vergi yoxlamaları və vətəndaşların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamalar istisna olmaqla) dayandırılıb.
Bir sıra nazirlik və idarələrdə müvafiq toplantılar keçirilərək yoxlamaların dayandırılması bəyan edilib. Odur ki, dövlət məmurlarının öz taleləri ilə oynamadıqlarını və biznesmenlərə "dəhşət" yaşatmadıqlarını statistika da təsdiq edir.
Öz növbəsində sözügedən qanunun qüvvəyə minməsindən keçən 20 ay ərzində cəmi 96 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Bu ilin ilk yarımilliyinin nəticələrinə görə, yoxlamaların sayı 26 olub. Qanun qəbul edilməmişdən 20 ay əvvəl yoxlamaların sayı 100 mini keçmişdi.
Etibarlı mənbələrdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bir sıra nazirliklərdə yoxlamaya moratorium qoyulması ilə bağlı qanunvericilik aktlarının hazırlanması ilə yanaşı istisnaların sayını artırmaq da qərara alınıb.
Sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı moratoriumun pozitiv xarakterini qeyd edən məmurlar bunun bariz sübutu kim bazarda saxta və keyfiyyətsiz məhsulların aşkarlanmasını, eləcə də digər neqativ faktorları qeyd ediblər.
"Hazırda ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə qanunvericilik aktları layihələri hazırlanır" — deyə mənbə bildirir.
Eyni zamanda biznes strukturlarında yoxlamalar artacaq. Şübhəsiz bu işdə vəziyyətdən sui-istifadə edərək piştaxtanı keyfiyyətsiz məhsullarla dolduran və saxta malları istehsalçı qiymətinə sırıyan bir çox işbazların da günahı var.
Lakin bu halda imkan vermək lazım deyil ki, biznesmenlərin fikirləri öz bizneslərini genişləndirmək əvəzinə yalnız müxtəlif nazirliklərdən olan saysız-hesabsız yoxlamaları yola salmaqla məşğul olsun. Unutmaq lazım deyil ki, istehlak bazarı üzərində nəzarət funksiyasını çoxsaylı idarələr həyata keçirir. Artıq məmurlar istənilən bəhanə ilə sahibkarların qapısını döymək üçün növbəyə düzülüblər.
İstehlak bazarında məhsulun keyfiyyətini yaxşılaşdırmaq və eyni zamanda biznesmenlərin fasiləsiz yoxlanmasının qarşısını almaq yalnız yoxlamaların plan üzrə yox, keyfiyyətsiz məhsul aşkarlanması və əhalinin şikayətləri əsasında həyata keçirilməsi halında mümkün ola bilər.
1 sentyabr 2017-ci ilə qədərki məlumatlara görə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə 770 min fiziki və 110 min hüquqi şəxs var.