Bakıda Milli Olimpiya Komitəsinin (MOK), Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin dəstəyi və “Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə beynəlxalq səviyyəli ekstremal idman turniri “Qəhrəmanlar Liqası” — “Mübarizlər” yarışı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən yarışın açılış mərasimində dövlət və hökumət rəsmiləri, müxtəlif idman qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək bildirib ki, Rusiyada bir neçə dəfə keçirilən bu yarış artıq Azərbaycanda da təşkil olunur.
Sonra “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov yarış haqqında məlumat verib. O bildirib ki, Azərbaycan son illər ən öndə gedən idman ölkələrindən birinə çevrilib.
İdman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatını təklif edir. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Yarışmaya 1500 iştirakçı qatılıb.
Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları 10 kilometr uzunluğunda və 42 maneədən ibarət marşrut qət ediblər.
Azərbaycanda ilk dəfə keçirilən maneəli ekstremal “Mübarizlər” yarışında 15 nəfər iştirakçı qalib gəlib.
Nəticələrə əsasən, kişi iştirakçılardan 10 nəfər, qadın iştirakçılardan isə 5 nəfər qalib elan olunub.