İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 22 sentyabr — Sputnik. Şəhər mərkəzində iri və xırda buynuzlu heyvan, yəni, inək, camış, qoyun, keçi və s. saxlamaq insanlar və ətraf mühit üçün təhlükəlidir. Eyni zamanda, belə heyvanların şəhərdə gəzməsi və ya həyətlərə buraxılması da, estetik baxımdan da uyğun deyil. Amma təəssüf olsun ki, bu gün az qala, düz şəhərin mərkəzində mal-qara saxlayan vətəndaşlar var.
Bir tərəfdən sahibsiz itlər, digər tərəfdən vətəndaşlar tərəfindən saxlanılan mal-qara ətraf mühitin çirklənməsi ilə yanaşı, rahatlığımızı da pozur. Bakı getdikcə, böyük kəndə dönür.
Qeyd edək ki, Türkiyədə hələ 2015-ci ildən şəhər yerlərində heyvan saxlamağa qadağa qoyulub. Azərbaycanda da Nazirlər Kabinetinin bununla bağlı xüsusi 38 saylı qərarı var. Belə ki, 2011-ci ildə verilmiş qərarda "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" yer alıb.
Qərarda bildirilir ki, bu Qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra — ev heyvanları) saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir. Habelə ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.
Ərazi baytarlıq idarələri, sanitar-epidemioloji, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu Qaydalara əməl etmələrinə nəzarəti həyata keçirməlidir.
Qərarda həmçinin bildirilir ki, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Və şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilmək, saxlamaq olmaz.
Amma təəssüflər olsun ki, əgər bu gün şəhərdə yaşayan bir insan səhər tezdən inək, toyuq-cücə səsinə yuxudan ayılırsa, deməli vətəndaşlar və aidiyyatı qurumlar qaydalara riayət etmək istəmir.
Bəs nə edək?
Ekoloq Vaqif Əliyev bildirir ki, şəhərdə və şəhərtipli qəsəbələrdə iri və xırdabuynuzlu mal-qara, toyuq-cücə saxlamaq olmaz. Çünki bu ətraf mühitin təmizliyi pozmaqla yanaşı, şəhərin estetik görünüşünə də zərər verir: "Belə heyvanları Əhmədlidə, Nərimanovda, Neftçilər ərazisində, Sabunçuda görmək mümkündür. Şəhərtipli ərazilərdə ev heyvanlarının saxlanılması avtomobil yollarında problem yaratmaqla yanaşı. sağlamlıq üçün də təhlükəlidir. Məsələn, sürət saatda 90 km olan avtomobil yolunda qəflətən qarşına qoyun sürüsü, at və ya inək çıxırsa, sən idarəetməni itirə bilərsən. Bu zaman müxtəlif dərəcəli qəzalar baş verə bilər. Bununla yanaşı, bu heyvanların peyini asfalta yayılır ki, bu da küçələrdən üfunət qoxusunun gəlməsinə səbəb olur. Estetik baxımdan da yaxşı görünmür".
Ekoloq bildirir ki, şəhərdə və şəhərtipli qəsəbələrdə belə heyvan saxlayan insanlar üçün xüsusi tədbirlər görülməlidir: "Kimsə heyvan saxlamaq istəyirsə, bunu şəhərdə deyil, kənd yerlərində etməlidir".
Əliyevin sözlərinə görə, evlərində it-pişik və digər kiçik baş heyvan saxlayan vətəndaşlar da diqqətli olmalıdırlar: "Bəzən parka çıxırsan, otların üstündə əyləşmək istəyirsən, baxırsan ki, it-pişik çirkləndirib. Yəni, insanlar saxladıqları heyvanlara da sahib çıxa bilmirlər. Başqa ölkələrdə heyvanlar parkı, yolu çirkləndirəndə, həmin ərazini heyvan sahibinə yığışdırtdırırlar. Bizdə isə insanlar heyvanları parka gəzdirməyə deyil, sanki tualetə çıxarırlar".
Mütəxəssis təklif edir ki, bu şəxslərə qarşı daha sərt cərimələr tətbiq edilməlidir: "Bu kimi problemlərlə qarşılaşdıqda yerli baytarlıq idarələrinə, hüquq mühafizə orqanlarına, gigiyena və epidemiologiya mərkəzlərinə müraciət etmək lazımdır".
Kimə müraciət edək?
Hüquqşünas Fərid Həmidli bildirir ki, əgər ev heyvanları, it-pişik və s. saxlayan şəxslərin qayda pozuntuları sizin hüquqlarınızı pozursa, siz hüquq mühafizə orqanlarına müraciət etməlisiniz: "Qanun deyir ki, şəhər və şəhərtipli qəsəbələrdə iri və xırda buynuzlu heyvan saxlamaq olmaz. Amma təəssüflə qeyd edək ki, vətəndaşlar çox zaman bu qaydalara əməl etmirlər. Bu gün şəhərimizin bir çox yerlərində bu halla qarşılaşmaq mümkündür. Və çox təəssüf olsun ki, müvafiq qurumlar da bu hala qarşı biganədir".
Həmidlinin sözlərinə görə, ev heyvanlarının saxlanılması zamanı yol verilən pozuntuları İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsi ilə tənzimlənir: "İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə, ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına, baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsinə, it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına, ev heyvanının baytarlıq uçotuna alınmadan saxlanılmasına, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə, ev heyvanlarının insanların üzərinə saldırılmasına və s. görə heyvan sahibi iki yüz manat miqdarında cərimə edilir. Bu maddələr üzrə tənbeh edilmiş şəxs təkrar qayda pozarsa, bu dəfə 300 manat cərimə edilir".
Hüquqşünas bildirir ki, məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə heyvan sahibi min manat cərimə edilir və yaxud ağırlaşdırılmış hal varsa, heyvan sahibi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilir.
Onu da qeyd edək ki, küçədə, parkda, nəqliyyat vasitəsində siz ev heyvanının hücumuna məruz qalırsınızsa, sizə dəyən maddi və mənəvi zərər heyvan sahibi tərəfindən, küçədə, parkda və s. siz sahibsiz heyvanın hücumuna məruz qalırsınızsa, sizə dəyən maddi və mənəvi zərər ərazi üzrə icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən ödənilməlidir.