İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 22 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 22-də Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, Kürdəmir, Göyçay və Ucar rayonlarından olan vətəndaşları qəbul edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, müraciətlər əsasən ümumi orta və tam orta təhsil bazasında orta ixtisas, habelə ali təhsil müəssisələrinə qəbulla bağlı və magistratura pilləsinə aid olub.
Bir sıra müraciətlər yerindəcə öz həllini tapıb, bəzi müraciətlər barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində, 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli barədə geniş məlumat verib. Bildirilib ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur.
"Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq" — o deyib.
"Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı isə 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq" — Abbaszadə əlavə edir.
Sədr qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək. Həmçinin müvafiq metodiki vəsaitlər nəşr olunacaq və abituriyentlərin həm buraxılış, həm də qəbul imtahanlarına daha yaxşı hazırlaşması təmin olunacaq.
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri qısa müddətdə yeni modelə dair ətraflı açıqlama veriləcəyini söyləyib.