BAKI, 22 sentyabr — Sputnik. Hindistan əsgərləri Pakistanın nəzarəti altında olan Kəşmir və Cammu bölgəsini top atəşinə tutub. 6 nəfər ölüb, 26 nəfər yaralanıb. Sputnik Azərbaycan "Voice of America"ya istinadən xəbər verir ki, məlumatı Pakistanın Müdafiə nazirliyi yayıb.
Dünyasını dəyişənlərdən 4-ü qadındır. Bundan başqa 5 uşaq, 15 qadın xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Pakistan ordusunun cavab atəşi isə daha sərt olub. 10-a yaxın hind əsgərinin öldürüldüyü bildirilir.
Xatırladaq ki, Kəşmir bölgəsinə Hindistan da iddia edir. 2003-cü ildə iki ölkə arasında atəşkəs əldə olunsa da, ara-sıra bölgədən atəş səsləri duyulur.