BAKI, 19 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb.
Hadisə nəticəsində həmçinin 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. APA-nın xəbərinə görə, Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Saatlı sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.