BAKI, 18 sentyabr — Sputnik. "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi — red.) 2050-ci ilə qədər uzadılması o deməkdir ki, layihə hələ də öz əhəmiyyətini itirməyib. Yəni, kommersiya cəhətdən rentabelli layihədir".
Bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərin görə, 2010-cu ildən sonra Xəzərin Azərbaycan sektorunda neft hasilatında ilbəil geriləmələr olur, hasilat həcmləri aşağı düşür: "Amma "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin ixracı üçün nəzərdə tutulmuş əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan kəməri yaxın 20-30 ildə də öz əhəmiyyətini itirməyəcək. Çünki geosiyasi vəziyyətdən asılı olaraq qarşıdakı illərdə Qazaxıstan, Türkmənistan daha böyük həcmdə neft ehtiyatlarını məhz bu kəmərdən dünya bazarlarına çıxardacaq".
Ekspertin sözlərinə görə, indiyədək bu layihəyə çox böyük həcmdə investisiya yönəldilib: "İnvestisiya həcmləri 1995-ci ildən 2017-ci ilədək 40 milyard dollardan çoxdur. Bu layihənin icrasından sonra Azərbaycanda yeni iş yerləri açılıb. Bu, Azərbaycan hökumətinin büdcə öhdəliklərinin vaxtlı-vaxtında icrasına çox güclü təkan verib. Eyni zamanda, ölkəmizdə müasir texnologiyalar ilə işləməyi bacaran minlərlə neft üzrə kadrlar hazırlanıb, formalaşıb. Düzdür, 2024-cü ildən sonra dünya bazarlarında neftin qiyməti elə də yüksək səviyyədə olmayacaq. Amma layihə bütün hallarda öz əhəmiyyətini 2050-ci ilədək itirəsi deyil".
Z. Vəliyevin fikrincə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılması mümkün olan neft həcmləri 900 milyon ton civarındadır: "Layihənin icra müddətinin 2024-cü ildən 2050-ci ilədək uzadılması o deməkdir ki, AÇG yataqlar bloku hələ ki xarici tərəfdaşlar üçün kommersiya cəhətdən rentabellidir. 1997-ci ildən indiyədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 431 milyon ton xam neft hasil edilib. Sazişə görə, "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilmiş ümumi neft həcmlərindən Azərbaycanın payına mənfəət nefti şəklində 271 milyon ton neft düşüb".
"Bunun satışından əldə edilən gəlirlər Azərbaycan Dövlət Neft Fonduna daxil edilib. 1997-ci ildən indiyədək mənfəət neftindən əldə edilən ümumi gəlir 125 milyard dollardan yuxarıdır. Bu, böyük rəqəmdir" — ekspert bildirib.
Onun qənaətincə, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara verildikdən sonra Xəzər regionunun digər dövlətlərinin hasil etdiyi karbohidrogen ehtiyatları məhz bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılıb: "Yəni, digər dövlətlər də Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac imkanlarından istifadə edirlər. Türkmənistan, Qazaxıstan kimi dövlətlər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin imkanlarından geniş istifadə edirlər. Bu kəmər vasitəsilə Avropa bazarlarına öz xam neftlərini ixrac edirlər".
Qeyd edək ki, sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi imzalanıb. Sazişi BP, SOCAR, "Chevron", "Inpex, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." OVL şirkətlərinin rəhbərləri imzalayıblar.
Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. artıq sərmayə qoyulması potensialı var.
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25%; Chevron- 9,57%; "Inpex" — 9,31%; "Statoil" — 7,27%; "ExxonMobil" — 6,79%; TPAO — 5,73%; "Itochu" — 3,65% və "ONGC Videsh Limited (OVL)" — 2,31%.