BAKI, 16 sentyabr — Sputnik. Gələn həftəsonu Azərbaycana payız fəsli daxil olacaq.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov "Report"a açıqlamasında bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq: "Həmin gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecə və gündüz bərabərləşəcək. Buna payız bərabərliyi deyirlər. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır".
Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.
O əlavə edib ki, ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.