BAKI, 15 sentyabr — Sputnik. Bu gün Azərbaycanın şanlı tarixindən — Nuru Paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusunun Bakını "Sentrokaspi diktaturası" hökumətindən və daşnak silahlılarından təmizləməsindən 99 il ötür.
1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi.
1918-ci ilin mayın 28-də isə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etmişdi. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. 1918-ci ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş daşnak-bolşevik qüvvələri Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi.
Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti müqaviləyə əsasən, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərir. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirir. Göyçay ətrafındakı ilk döyüş daşnak-bolşevik hərbi birləşmələrinin məğlubiyyəti ilə başa çatır və Bakıya yol açılır. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edir. Qafqaz İslam Ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verir.
Bakının işğaldan azad edilməsi Azərbaycan dövlətçiliyi üçün ən böyük töhfədir. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu ordunun şərəfinə təntənəli ziyafət təşkil edir. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilir. Hacı Zeynalabdin Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edir. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülür.
Bununla da erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyulur. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi Cənubi Qafqazda Azərbaycan türkünün varlığına son qoymaq və "Böyük Ermənistan" xülyasını həyata keçirmək idi. Ancaq bu plan baş tutmadı.
Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk etmişdi. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Xalq Cümhuriyyətinin paytaxtı elan edildi.