BAKI, 14 sentyabr — Sputnik. Bu gün Qazaxıstanın paytaxtı Astanada "Suriya danışıqları"nın 6-cı "raundu" — final zirvəsi keçiriləcək. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, gündəmdə duran əsas mövzu müharibənin dayandırıldığı bölgələrdə təhlükəsizliyin təmin olunması məsələsidir.
Xüsusilə ABŞ-ın "əl-Qaidə"ni bəhanə edərək İdlib vilayətinə müdaxilə etmək istəməsi Rusiya, İran və Türkiyəni ciddi narahat edir. Bu səbəblə hər üç ölkə İdlibə qoşun yeridərək, bu ssenarinin qarşısını almağı düşünür.
Ərdoğanın Suriyada sülh üçün "final" dediyi 6-cı "Astana zirvəsi"ndən sonra türk və rus əsgərlərinin İdlibə girəcəyi iddia olunur. Artıq Türkiyənin quru qoşunları ağır zirehli texnikaları ilə birlikdə Suriya ilə sərhəddə hazır vəziyyətdə gözləyir.
Ankara, Moskva və Tehranda düşünülür ki, ABŞ-ın İdlibə olan marağının arxasında heç də "əl-Qaidə" təhlükəsi durmur. Çünki həmin ərazi faktiki olaraq Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətindədir.
Amerikalıların əsas istəyi, həmin bölgəni terrorçu PYD-nin nəzarətinə verməkdir. Bununla da Vaşinqton gələcəkdə qurmağı planladığı "Kürdüstan"la həm Türkiyəni, həm də İranı daim təzyiq altında saxlamağı düşünür.